Global Art
BIZNES

“AI Academy”nin ilk məzunları təltif olunub

“AI Academy”nin ilk məzunları təltif olunub

AZCON Holdinq şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) nəzdində fəaliyyət göstərən “AI Academy”nin ilk Məzun Günü keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, MSİM-in baş direktoru Tuncay Bağırov və AZCON Holdinqin baş insan resursları inzibatçısı Elnur Hüseynov çıxış ediblər.

MSİM-in baş direktoru Tuncay Bağırov çıxışında “AI Academy”nin milli strateji hədəflərin reallaşdırılmasında rolunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkədə süni intellekt ekosisteminin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

Qeyd olunub ki, bu sahədə davamlı uğurun təmin edilməsi üçün texnoloji infrastrukturla yanaşı, müvafiq texnologiyaları yaradan və inkişaf etdirən insan kapitalının gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Təhsil, innovasiya və sənayeni birləşdirən inkişaf modelinin qurulması yerli istedadların potensialının üzə çıxarılmasına və Azərbaycanın süni intellekt sahəsində rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

2025-ci ildə fəaliyyətə başlayan “AI Academy”nin ilk tədris proqramına 6 min 750 müraciət daxil olub. Nəzəri biliklərin real layihələr üzərində praktiki təcrübə ilə birləşdirildiyi birillik intensiv proqramı 57 tələbə uğurla başa vurub. Məzunlardan 35-i artıq işlə təmin olunub, 7-si isə Milli Süni İntellekt Mərkəzində fəaliyyətə başlayıb.

Məzunların bank-maliyyə, sənaye, dövlət və akademik sektorlarda işə başlaması Akademiyanın əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfəni göstərir.

Dövlət və özəl sektorun nümayəndələrini, texnologiya və insan resursları sahəsində çalışan rəhbərləri bir araya gətirən tədbir məzunlarla potensial işəgötürənlər arasında peşəkar əlaqələrin qurulmasına da şərait yaradıb. Mərasimdə ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafatlarla, digər iştirakçılar isə diplomlarla təltif olunublar.

Milli Süni İntellekt Strategiyasının “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” prioritetinə uyğun fəaliyyət göstərən “AI Academy” növbəti mərhələdə süni intellekt mühəndislərinin hazırlanmasını, eləcə də dövlət və özəl sektorun idarəetmə heyəti üçün ixtisaslaşmış təlim proqramlarının genişləndirilməsini nəzərdə tutur.

2028-ci ilədək 500 süni intellekt mühəndisinin hazırlanmasını hədəfləyən Akademiya ölkənin ixtisaslı kadr potensialının gücləndirilməsinə və süni intellekt ekosisteminin inkişafına töhfə verməyi qarşıya məqsəd qoyub.

Daha çox