Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu tamamlanıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu quyulardan biri – “Qərbi Azəri” platformasından qazılmış və uğurla təhvil verilmiş “C44” neft hasilatı quyusu Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib və nəticədə quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib.
Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.
İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.