Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi arasında həyata keçirilən ortaq layihə çərçivəsində Ankarada keçiriləcək məşhur “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı, Türk dünyasının mütəfəkkiri Üzeyir Hacıbəyliyə həsr olunacaq və bu münasibətlə möhtəşəm konsert proqramı təqdim ediləcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə CSO Ada Ankara salonunda təqdim olunacaq “İki devlet – Bir sahne: Kardeş ezgiler” adlı konsert proqramı cari il sentyabrın 19-da reallaşdırılacaq.
Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşayiəti, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçiriləcək konsertdə Azərbaycanın və Türkiyənin tanınmış opera sənətçiləri iştirak edəcəklər. Proqramın repertuarında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, Azərbaycanın və Türkiyənin bəstəkarlarının seçilmiş əsərləri yer alacaq.
Azərbaycan və Türkiyə musiqi mədəniyyətlərinin eyni səhnədə möhtəşəm şəkildə qovuşacağı bu opera konserti iki qardaş ölkənin zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və əsrlər boyu formalaşmış mənəvi bağlarını sənətin ecazkar dili ilə nümayiş etdirməklə, milli mədəniyyətimizin və Türk dünyasının ortaq mədəni irsinin geniş təbliğinə mühüm töhfə verməyi hədəfləyir.