“Azerbaijan.travel” rəqəmsal turizm platforması 2026–2030-cu illərdə təkmilləşdirilərək inkişaf etdiriləcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Tədbirin əsas icraçısı Dövlət Turizm Agentliyi, digər icraçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
İlkin mərhələdə platformanın mövcud vəziyyəti qiymətləndiriləcək, ölkənin rəqəmsal inkişaf konsepsiyasına uyğun yeni inkişaf konsepsiyası və funksional tələblər hazırlanacaq.
Növbəti mərhələdə platforma yenilənmiş dizayn və texnoloji infrastruktur əsasında qurulacaq. Burada çoxdilli rəqəmsal xidmətlərin, interaktiv xəritələrin, rezervasiya və turistlərin məlumatlandırılması imkanlarının inteqrasiyası nəzərdə tutulur.
Yekunda vahid milli rəqəmsal turizm platformasının formalaşdırılması, turistlərin məlumat əldəetmə, səyahət planlaşdırma və turizm xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi hədəflənir.