Cənubi Koreyanın Qvanqcu şəhərində “ACC X” musiqi festivalı keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və Koreyanın ən böyük mədəniyyət mərkəzi olan Milli Asiya Mədəniyyət Mərkəzi (NACC) tərəfindən təşkil olunan festival bu ölkədə keçirilən ən mötəbər tədbirlərdən biridir. Azərbaycan builki festivala xüsusi qonaq qismində dəvət olunub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadənin bədii rəhbərliyi altında musiqiçilərimizdən Kamran Kərimov (nağara), Fuad Cəfər (gitara), Nicat Aslanov (sintezator) və Həsən Bilalovdan (zərb alətləri) ibarət olan qrupun ifasında konsert proqramı baş tutub. Konsert proqramı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.