Global Art
XəBəRLəR

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb.

ICESCO regional ofisinin Bakıda yerləşməsinin Azərbaycanın ICESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyətin diqqətini qlobal çağırışlara yönəltmək, dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın zəngin mədəni və dini irsinin qorunması, işğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verilib. ICESCO-nun işğaldan azad edilmiş ərazilərə həyata keçirdiyi missiyanın, habelə Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti xatırlanıb.

Nazir, həmçinin 2027-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və bu çərçivədə keçiriləcək tədbirlərə hazırlıq məsələləri, ölkəmizin İƏT sədrliyinin prioritetləri barədə qarşı tərəfə məlumat verib.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox