Bununla bağlı İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin bu sərəncamda göstərilən səlahiyyətləri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib.
Belə ki, "AZCON Holdinq" verilən səlahiyyətlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
- bu Sərəncamın 2.1-ci bəndində və 2.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Bundan başqa, sərəncamın 3-cü bəndi də yeni redaksiyada verilib:
"3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
3.2.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
3.2.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
3.2.5. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;
3.2.6. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
3.2.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
3.2.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
3.2.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.11. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək;
3.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən - sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirir".