Global Art
XəBəRLəR

Azərbaycan jurnalistləri Səmərqənd yaxınlığındakı İmam əl-Buxari turizm kompleksini ziyarət ediblər

Azərbaycan jurnalistləri Səmərqənd yaxınlığındakı İmam əl-Buxari turizm kompleksini ziyarət ediblər

Azərbaycan jurnalistləri Özbəkistana təşkil olunan press-tur çərçivəsində avqustun 20-də Səmərqənd yaxınlığında yerləşən İmam əl-Buxari turizm kompleksini ziyarət ediblər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, press-tur iştirakçıları görkəmli İslam alimi və hədislərin ən tanınmış tədqiqatçılarından biri İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir komplekslə tanış olublar.

Jurnalistlərin diqqəti xüsusilə zəvvarların və xarici turistlərin qəbulu üçün yaradılmış kompleksin memarlıq xüsusiyyətlərinə və müasir infrastrukturuna yönəlib. Burada 10 minədək inanclının ibadət edə biləcəyi məscid, hündürlüyü 75 metr olan dörd minarə, həmçinin doqquz pavilyondan ibarət muzey kompleksi inşa edilib.

Tanışlıq zamanı Azərbaycan media nümayəndələrinə İmam əl-Buxarinin həyatı və elmi fəaliyyəti, onun İslam ilahiyyatına verdiyi töhfə, həmçinin sünni İslam ənənəsində ən mötəbər hədis toplularından biri hesab olunan fundamental əsəri olan “Səhih əl-Buxari”nin əhəmiyyəti barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı yenidənqurmadan sonra kompleks böyük mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada yalnız ziyarət üçün deyil, həm də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün şərait yaradılıb.

Layihə çərçivəsində, həmçinin mehmanxanalar, ailəvi qonaq evləri, xidmət zonaları və avtomobil dayanacaqları inşa edilib. Kompleksin sutkalıq qəbul imkanları 65 min ziyarətçiyədək artırılıb.

İmam əl-Buxari kompleksinin ziyarəti Özbəkistanın tarixi, mədəni, turizm və müasir potensialı ilə tanışlıq məqsədilə təşkil olunan press-tur çərçivəsində azərbaycanlı jurnalistlərin növbəti ünvanı olub.

Daha çox