Global Art
XəBəRLəR

Azərbaycan Kinosu Günü: Nizami Kino Mərkəzində tədbir

Azərbaycan Kinosu Günü: Nizami Kino Mərkəzində tədbir

İyulun 31-də Nizami Kino Mərkəzində 2 Avqust – Azərbaycan Kinosu Günü çərçivəsində tədbir təşkil edilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, kinonun təsiri cəmiyyətin müxtəlif istiqamətlərində hiss olunur. Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində hər zaman xüsusi həssaslıqla yanaşılıb.

“Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı isə milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib”, - deyə nazir müavini qeyd edib.

Tədbirdə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görüldüyü də diqqətə çatdırılıb.

O da qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Yerli filmlərin beynəlxalq səviyyədə tanıdılması, kino infrastrukturunun inkişafı və peşəkar kadr hazırlığı prioritetlərdəndir. Bu barədə danışan Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov vurğulayıb ki, bu sənətin inkişafı üçün güclü kino sənayesinin formalaşdırılması vacibdir. Onun sözlərinə görə, kino sahəsində fəaliyyət göstərən subyektlərin sayının artması, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsi, yeni iş yerlərinin yaradılması və vahid ekosistemin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Baş direktor yeni filmlər barədə də danışıb: “Hazırda 10 tammetrajlı bədii film istehsal edilir. Onlardan beşi artıq təhvil verilib, bir qismi kinoteatrlarda nümayiş etdirilib, digərləri isə yaxın aylarda tamaşaçılara təqdim olunacaq”.

Tədbirdə iştirak edən Vyetnam Kino Assosiasiyasının prezidenti Do Lenh Hung Tu bugünkü görüş və fikir mübadiləsinin ölkələrimiz arasında teatr və kino sahəsində mədəni-bədii əlaqələrin genişlənməsinə, eləcə də peşəkar əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Xalq artisti Əjdər İbrahimovun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıb, onun bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.

Daha sonra bu il istehsal olunan filmlərin treylerlərindən ibarət videoçarx göstərilib.

Tədbirin davamında milli kino sənayesinin il ərzində səmərəli fəaliyyət göstərmiş nümayəndələri mükafatlandırılıb.

Daha sonra Əjdər İbrahimov haqqında, “Eyni yağışın altında” adlı cizgi filmi və “Divarın o üzünə” bədii filmi nümayiş olunub.

Daha çox