Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və ölkəmizin Rumıniyadakı səfirliyinin dəstəyi ilə Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində keçirilən beynəlxalq festivalda muğam mədəniyyətimiz nümayiş olunub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Maramureş vilayəti Gününə həsr olunmuş festivalda Rumıniya, Moldova, Ukrayna, Albaniya və Azərbaycandan vokal və rəqs ansamblları iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri, “Muğam” televiziya müsabiqəsinin laureatı Rəvanə Qurbanova (xanəndə), Əməkdar artist Xəyyam Məmmədov (kamança) və Əməkdar mədəniyyət işçisi Elçin Abbasov (tar) milli musiqi və muğam nümunələrimizi yüksək məharətlə ifa ediblər. Azərbaycanlı sənətçilər festival təşkilatçıları tərəfindən mükafatlandırılıblar.
Rumıniyanın və iştirakçı ölkələrin dövlət rəsmilərinin qatıldığı tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.