Global Art
XəBəRLəR

Azərbaycan xalçaçılıq sənəti Fransada: yeni layihəyə start verilib

Azərbaycan xalçaçılıq sənəti Fransada: yeni layihəyə start verilib

Fransanın Po şəhərində “BA Cultural Center” tərəfindən mədəni irsin qorunması, biliklərin nəsildən-nəslə ötürülməsi və ictimai həmrəyliyin gücləndirilməsinə yönəlmiş “Həyat xalçası” adlı yeni layihəyə start verilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, layihə Po şəhərində yaşayan azərbaycanlı Billurə Bernar tərəfindən yaradılıb. Layihənin ilk emalatxanasında iştirakçılar bir araya gələrək xalçaçılıq və toxuculuq sənəti ilə tanış olub, eyni zamanda, birlikdə yaradıcı fəaliyyət göstəriblər. Təşəbbüsün əsas məqsədi qadınları, kişiləri və uşaqları bir araya gətirmək, onların birlikdə öyrənməsinə və ünsiyyət qurmasına imkan yaratmaq, hər kəsə öz “həyat xalçasını” yaratmaq fürsəti verməkdir.

Layihədə xalça yalnız sənət əsəri kimi deyil, insanların həyat hekayələrini, xatirələrini və nəsillərdən-nəsillərə ötürülən dəyərləri ifadə edən bir vasitə kimi təqdim olunur. Təşkilatçıların ifadəsi ilə desək, “hər düyün bir həyat, hər naxış bir hekayədir”.

Azərbaycan və Fransa arasında mədəni körpü

“Həyat xalçası” layihəsinin əsasını “BA Cultural Center”in azərbaycanəsilli təsisçisinin şəxsi həyat hekayəsi təşkil edir. O, xalçaçılıq sənətini Azərbaycanın Qafqaz dağlarında yerləşən doğma Lahıc kəndində öyrənib. Layihə Azərbaycan xalçaçılıq ənənələrini Fransanın zəngin qobelen sənəti ilə birləşdirməyi və iki mədəniyyət arasında yeni bir körpü yaratmağı hədəfləyir. Bu çərçivədə Fransanın “Gobelins” və “Aubusson” kimi mühüm tekstil və qobelen sənəti mərkəzlərinin ənənələri ilə Azərbaycan xalçaçılığının zəngin irsinin əlaqələndirilməsi nəzərdə tutulur. Təşəbbüs yalnız xalça toxuma sənətinin öyrədilməsi ilə məhdudlaşmır. Onun əsas istiqamətlərindən biri qeyri-maddi mədəni irsin qorunması, bilik və bacarıqların müxtəlif nəsillər arasında ötürülməsi və təhsildir.

Gələcəkdə uşaqlar, ailələr, yaşlılar, mədəni fəaliyyətlərə çıxışı məhdud olan insanlar və qaçqınlar üçün xüsusi emalatxanaların təşkili planlaşdırılır. Beləliklə, layihə müxtəlif yaş və sosial qruplardan olan insanları yaradıcı və mənalı fəaliyyət ətrafında birləşdirməyi qarşıya məqsəd qoyur.

Ənənəvi sənətə iqtisadi dəyər qazandırmaq

Po şəhərində təşkil edilən ilk emalatxana yun, tekstil və toxuculuq sahəsində çalışan şəxslərin də marağına səbəb olub. Təşəbbüs gələcəkdə yerli sənətkarlar və tekstil mütəxəssisləri ilə əməkdaşlıq üçün yeni imkanların yaranmasına şərait yarada bilər.

Layihənin digər məqsədi ənənəvi sənətkarlıq bacarıqlarının dəyərini artırmaq, onların iqtisadi potensialını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanları yaratmaqdır. “BA Cultural Center”in yanaşmasına görə, xalça yalnız toxunmuş sənət əsəri deyil. O, insanları birləşdirən, yaddaşı qoruyan və mədəni irsi gələcək nəsillərə ötürən bir vasitədir.

Daha çox