Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda keçirilən Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısı çərçivəsində dövlət satınalmalarının auditi sahəsində beynəlxalq təcrübələr, müasir çağırışlar və metodoloji yanaşmalar müzakirə olunub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, toplantı zamanı “Dövlət satınalmalarında müasir meyillər” və “Dövlət satınalmalarının auditində ali audit orqanlarının təcrübələri” mövzularında üzv ali audit orqanlarının nümayəndələri və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar keçirilib.
Tədbiri giriş sözü ilə açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın İşçi Qrupunun fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib. Sədr Bakı şəhərinin artıq ikinci dəfədir ki, bu nüfuzlu beynəlxalq toplantıya ev sahibliyi etməsinin çox qürurverici olduğunu vurğulayıb.
Çıxışı zamanı dövlət satınalmalarının dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biri olduğunu qeyd edən palata sədri bildirib ki, satınalma sisteminin səmərəliliyi və şəffaflığı ölkələrin iqtisadi inkişafına, fiskal dayanıqlığına və ictimai rifahın təmin edilməsinə birbaşa təsir göstərir.
Vüqar Gülməmmədov son illərdə ölkəmizdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. O, Hesablama Palatası tərəfindən müasir çağırışlar nəzərə alınmaqla dövlət satınalmalarının auditi üzrə hazırlanmış metodiki sənəd barədə məlumat verərək audit prosesində kağız sənədləşmədən rəqəmsal platformalara keçidin sürətləndiyini diqqətə çatdırıb.
Palata sədri toplantının iştirakçı ölkələrin ali audit orqanları arasında qabaqcıl təcrübələrin paylaşılması, peşəkar əməkdaşlığın genişləndirilməsi və dövlət satınalmalarının auditinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib.
Açılış mərasimində INTOSAI-nin Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər. Svetlana Orlova bildirib ki, dövlət satınalmalarının auditində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, metodoloji bazanın gücləndirilməsi, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə bu sahədə səmərəliliyin artırılması üçün əsas istiqamətlərdəndir. O deyib ki, İşçi Qrupunun fəaliyyəti çərçivəsində BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq qurumların yanaşmalarını, eləcə də müxtəlif ölkələrin uğurlu milli təcrübələrini özündə birləşdirən vahid rəqəmsal bilik bazası formalaşdırılıb və bu baza mütəmadi olaraq yenilənir.
Elnur Bağırov isə qeyd edib ki, müasir dövrdə dövlət satınalmaları dövlət ehtiyaclarının təmin edilməsi mexanizmindən daha çox sahibkarlıq mühitinin inkişafına xidmət edən alətlərdən birinə çevrilib: “Bu sahədə formalaşdırılan düzgün yanaşmalar iqtisadi fəallığa, rəqabət mühitinə və ictimai rifaha birbaşa təsir gücünə malikdir. Məhz buna görə satınalma sisteminin hesabatlılığı, rəqabətliliyi və nəticəyönümlülüyü dövlət resurslarının effektiv idarə olunmasının əsas göstəricilərindən biridir”.
Onun sözlərinə görə, dövlət satınalmalarının auditi bu kontekstdə xüsusi aktuallıq kəsb edir. Audit büdcə vəsaitlərinin qanunvericiliyə uyğun istifadəsini qiymətləndirməklə yanaşı, rəqabət prinsiplərinin qorunmasını təhlil etməyə imkan yaradır. Bu baxımdan INTOSAI-nin Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun İllik Toplantısı qlobal miqyasda müvafiq sahədə yeni çağırışların, meydana çıxan risklərin və onların həlli yollarının müzakirəsi üçün mühüm platformadır.
“Ölkədə rəqabət orqanı və dövlət satınalmalarına nəzarət edən qurum kimi agentliyin dövlət satınalmaları istiqamətində rəqabətyönümlü fəaliyyətinə diqqət çəkmək istərdim. İstər Rəqabət Məcəlləsinin, istərsə də “Dövlət satınalmaları haqqında” Qanunun konsepsiyasına nəzər salsaq, hər iki normativ-hüquqi aktın təməlində sağlam rəqabət mühitinin formalaşdırılması və bazar iştirakçıları üçün bərabər imkanların təmin edilməsi kimi ortaq prinsiplərin yer aldığını müşahidə edərik”, - deyə Elnur Bağırov vurğulayıb.
Toplantı çərçivəsində “Dövlət satınalmalarının auditində ali audit orqanlarının təcrübələri” mövzusunda təşkil olunan ekspert panelində Dünya Bankının mütəxəssisi Barbara Ziolkovska, SIGMA proqramının beynəlxalq eksperti Daniel İvarson və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi satınalma sistemlərinin inkişafı, beynəlxalq standartlar və qabaqcıl təcrübələr barədə təqdimatlarla çıxış ediblər. Həmçinin Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri dövlət satınalmaları sahəsində auditin təşkili, normativ-hüquqi və metodoloji baza, eləcə də satınalma qanunvericiliyinin inkişaf mərhələləri barədə təqdimat edib. Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin müdir müavini isə dövlət satınalmalarının auditinin keçirilmə ardıcıllığı, audit sübutlarının toplanması mərhələləri, risklərin müəyyənləşdirilməsi və onların satınalma dövrləri üzrə təsnifatı ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Həmçinin Belarus, Çin, Malayziya, Rusiya və Özbəkistanın ali audit orqanlarının nümayəndələri öz ölkələrində dövlət satınalmalarının auditinin təşkili, tətbiq olunan metodoloji yanaşmalar və əldə olunan nəticələrə dair təqdimatlarla çıxış edərək təcrübələrini iştirakçılarla bölüşüblər. Beynəlxalq toplantı dövlət satınalmalarının auditi sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və ali audit orqanları arasında bilik mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.
Global Art