Global Art
XəBəRLəR

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müzakirələr davam edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə keçirilən plenar iclasda “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda müzakirələr aparılıb.

İclas çərçivəsində forumun əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub. Həmçinin ICESCO-nun İslam irsi siyahısına daxil edilmiş iki tarixi abidəyə dair sertifikatlar Azərbaycana təqdim edilib. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik sertifikatları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib.

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxışında Azərbaycanın mədəniyyət vasitəsilə sülhün təşviqinə verdiyi töhfəni vurğulayıb. O bildirib ki, Azərbaycan rəhbərliyi və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” təşəbbüsü innovativ konsepsiyadır.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin, eləcə də mədəni irs nümunələrinin qorunması istiqamətində atdığı addımların əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, bu fəaliyyət Azərbaycanın və onun xalqının kimliyinin, eləcə də özünəməxsus mədəniyyətinin qorunub saxlanmasına xidmət edir.

Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç Xorvatiya ilə Azərbaycanın müstəqilliklərini eyni ildə bərpa etdiklərini xatırladıb. O, Dubrovnik və Qarabağ bölgələrinin müharibələr nəticəsində dağıntılara məruz qaldığını, hazırda isə hər iki bölgədə bərpa və inkişaf prosesinin getdiyini diqqətə çatdırıb.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling Azərbaycanın 2024-cü ildən etibarən təşkilata sədrlik etdiyini bildirib. Onun sözlərinə görə, son iki il ərzində insanyönümlü yanaşma çərçivəsində AQEM-in fəaliyyətində humanitar ölçüyə xüsusi diqqət yetirilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mədəni irs nümunələrinin bərpasına fərdi yanaşmanın vacibliyini vurğulayıb. O qeyd edib ki, hər bir abidənin bərpası zamanı onun tarixi əhəmiyyəti, mürəkkəbliyi və nəsillər arasında oynadığı rol nəzərə alınmalıdır. Xüsusi nümayəndənin sözlərinə görə, iqtisadi və maliyyə amilləri bu prosesdə mühüm əhəmiyyət daşısa da, mədəniyyəti və tarixi dəyərləri yalnız kəmiyyət göstəriciləri əsasında qiymətləndirmək mümkün deyil.

Plenar iclas mövzu ətrafında müzakirələrlə davam edib.

Daha çox