Azərbaycan Milli İncəsənət Muzeyində “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə media qurumlarının rəhbərləri, xarici və yerli jurnalistlər iştirak ediblər.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan sessiyada medianın sülhün təşviqində rolu, dezinformasiyaya qarşı mübarizə və mədəniyyətlərarası dialoqun gücləndirilməsində qlobal medianın məsuliyyəti müzakirə olunub.
Sessiyada çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2023-cü ildə antiterror tədbirlərindən sonra Azərbaycan Hökumətinin və Prezident İlham Əliyevin strateji uzaqgörənlik və siyasi öhdəliyini nümayiş etdirdiyini, Ermənistanla, ilk növbədə, sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini deyib. O, Azərbaycan xalqı üçün bunun asan bir qərar olmadığını bildirib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, məhz müharibədən dərhal sonra sülh gündəliyini irəli sürmək, həqiqətən də böyük fədakarlıq tələb edirdi. Lakin Azərbaycan Hökuməti və Prezident İlham Əliyev bu təşəbbüsü nümayiş etdirdilər. “Biz burada məhz əbədi sülhün bərqərar olması və müharibənin dayandırılması üçün vacib addım atdıq. Burada müqavimət göstərən və dezinformasiya yayan qarşı tərəf idi. Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb”, - deyə Hikmət Hacıyev əlavə edib.
Azərbaycan-Ermənistan münasibətləri haqqında danışanda səmimi olmağın vacibliyini vurğulayan Prezidentin köməkçisi deyib: “Çox acı müəyyən xatirələr var ki, biz gözümüzü bağlayıb o xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik. Bu da bizim tariximizin və mədəniyyətimizin bir hissəsinə çevrilir”.
O, Azərbaycanın revanş almaq niyyətində olmadığını, lakin əbədi sülhün bərqərar edilməsi istiqamətində hələ də görüləsi çoxlu tədbirlərin və təşəbbüslərin olduğunu vurğulayıb.
Süni intellektin və sosial medianın inteqrasiyasının real həqiqətin müəyyənləşdirilməsini xeyli mürəkkəbləşdirdiyini deyən H.Hacıyev dezinformasiyanın, süni intellektin və digər amillərin bu prosesdə maneə yarada biləcəyini qeyd edib.
“Birinci növbədə qəbul etməliyik ki, dezinformasiya yeni fenomendir. Min illər əvvəl də dezinformasiya və mif strategiyaların bir hissəsi idi. İndi isə dezinformasiya və bütün əlaqəli elementlər ölkələrə və cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun daha geniş mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa bir töhfə olduğunu qeyd edib. O bildirib ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha çox lazımdır. “Lakin biz təkcə sivilizasiyalararası dialoqdan danışmamalıyıq. Sivilizasiyaların öz daxilində də dialoqa ehtiyac var. Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.