Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil edilən "Taste of Planet" beynəlxalq qastronomiya festivalında Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə paytaxtın tarixi Kalemeqdan parkında baş tutub.
Tədbirin açılışında Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə çıxış edərək Azərbaycan mədəniyyətinin, zəngin milli mətbəxinin və qonaqpərvərlik ənənələrinin Serbiya ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən danışıb, bu kimi mədəni tədbirlərin xalqlar arasında qarşılıqlı tanışlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Diplomat, eyni zamanda, 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyd olunmasını diqqətə çatdırıb.
Belqradda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru Günel Babanlı isə ziyarətçilərə Azərbaycan xalqının süfrə mədəniyyəti və qonaqpərvərlik ənənələrini tanıdıb.
Tədbirdə festival iştirakçılarına Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti və mətbəxi ilə bağlı videoların təqdimatı ilə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.