2026-cı ilin 1–3 iyun tarixlərində Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sahəsinin yeniliklərinin nümayişi üçün bir araya gətirəcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, Bakı Enerji Həftəsi və "TransLogistica Caspian"-23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib.
“Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur”,- deyə o qeyd edib.
Qeyd edək ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Global Art