Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının ölkəmizdə səfərdə olan xarici işlər naziri Tom Berendsen ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, gəmiqayırma, innovasiya və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyini vurğulayan nazir Ceyhun Bayramov mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. Yüksəksəviyyəli təmasların və Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində səylərin artırılmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı Azərbaycan-Niderland münasibətlərinin inkişaf etdirilməsi üzrə 2026–2028-ci illər üçün Yol Xəritəsinin qəbul edilməsinin siyasi dialoqun dərinləşdirilməsi və müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi baxımından təqdirəlayiq olduğu bildirilib. Qarşılıqlı investisiyaların təşviqinin, yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının imkanlarından səmərəli istifadə edilməsinin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar diqqətə çatdırılıb. Təhsil, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında mövcud əlaqələr, təlim proqramları, eləcə də mədəni-humanitar sahədə birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan və Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəlikdə duran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Regional vəziyyətə dair müzakirələr zamanı nazir Ceyhun Bayramov həmkarını Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar və sülh prosesi barədə məlumatlandırıb. Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Mina təhlükəsinin yaratdığı humanitar problemlərə toxunularaq, minaların insan həyatı üçün davam edən təhdidinin, bərpa işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələrin aradan qaldırılmasının vacibliyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış ediblər.