Çinin təşəbbüsü ilə yaradılan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı (WAICO) süni intellektin idarəolunması üzrə qlobal sistemin formalaşmasına və onun bəşəriyyətin rifahı naminə inkişafına töhfə verəcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
O qeyd edib ki, iki həftə əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxayda keçirilən 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında iştirak edib və burada insan mərkəzli yanaşmanı rəhbər tutaraq, bütün ölkələrin süni intellektin müsbət istiqamətdə və bəşəriyyətin rifahı naminə inkişafını təşviq etməsinin vacibliyini vurğulayıb.
“Belə yanaşma süni intellektin və onun idarəetmə sisteminin gələcək inkişafının strateji istiqamətini müəyyən edib”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə yaradılan WAICO-nun hazırda 29 təsisçi dövləti var və bu, süni intellektin inkişafı tarixində mühüm bir mərhələdir.
“WAICO süni intellekt sahəsində potensialın möhkəmləndirilməsini təşviq edəcək, geniş beynəlxalq konsensusa əsaslanan qlobal süni intellektin idarəetmə sisteminin formalaşdırılmasını dəstəkləyəcək, eləcə də bəşəriyyətin rifahı naminə süni intellektin təhlükəsiz, ədalətli, sağlam və nizamlı inkişafını təmin edəcək”, - deyə səfir vurğulayıb.
Lu Mey əlavə edib ki, təşkilat bütün ölkələrin modernləşməsi prosesini təşviq etməyi hədəfləyir və yeni dövlətlərin qoşulmasına açıqdır: “Ümid edirik ki, bütün ölkələr təşkilatın təqdim etdiyi imkanlardan yararlana və süni intellekt sahəsində əməkdaşlıq yolu ilə öz inkişafını gücləndirə biləcək”.
Səfir, həmçinin vurğulayıb ki, Çin ardıcıl olaraq dinc inkişaf yoluna sadiqdir, milli müdafiə sahəsində siyasət yürüdür, fikir ayrılıqlarını dialoq və əməkdaşlıq yolu ilə həll etməyin tərəfdarıdır.
Global Art