Global Art
XəBəRLəR

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Efiopiya ticarət, investisiya, turizm kimi sahələrdə Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərin Efiopiya üçün də uğurlu nümunə təşkil etdiyi vurğulanıb.

Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının Azərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.

O, xüsusilə "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması və Azərbaycanın bu məsələdə göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirərək, bu modelin artıq Efiopiyanın regionlarında qurulduğunu və bununla dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırıldığını diqqətə çatdırıb.

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini və ölkəmizin uğurlu təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirən Aqeqnehu Teşager ölkəsinin 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibliyi edəcəyini xatırladıb və bu sahədə də Azərbaycanın təcrübəsindən bəhrələnəcəklərini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyanın son illərdə bir çox sahələrdə nəzərəçarpan uğurlar qazandığını bildirib. O, ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə parlamentlərarası əlaqələr də nəzərdən keçirilib. Parlament sədrləri, dostluq qrupları arasında qarşılıqlı səfərlərin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfələri vurğulanıb. Eyni zamanda, parlament komitələri, dostluq qrupları və parlament aparatları arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Federasiya Palatasının sədri Azərbaycanın fəal parlament diplomatiyası həyata keçirdiyini və bir çox beynəlxalq parlament təşkilatlarında aktiv təmsil olunduğunu bildirib. Spiker Sahibə Qafarova bu platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Aqeqnehu Teşager Milli Məclisin sədrinin səfərinin çox mühüm bir dövrə təsadüf etdiyini, bir müddət əvvəl Efiopiyada 7-ci parlament seçkilərinin uğurla keçirildiyini bildirib və seçkilərin nəticələri haqqında məlumat verib.

Global Art

Daha çox