Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib. O, Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlərdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığını vurğulayıb.
Baş nazir Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
O, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyərək, xüsusən neft-qaz sənayesi sahəsində layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətlərdə mövcud potensialdan səmərəli istifadə olunması hər iki ölkənin maraqlarına xidmət edir.
Milli Məclisin sədri bu səfərin Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib. O, respublikamızın inkişaf yolu haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması istiqamətində müstəsna xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun davamlı olaraq möhkəmləndiyini vurğulayıb.
S.Qafarova Azərbaycan ilə Efiopiya arasında dövlət başçıları səviyyəsində formalaşmış səmimi münasibətlərin və yüksəksəviyyəli qarşılıqlı təmasların ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Milli Məclisin sədri Baş nazirə, həmçinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində Azərbaycanın öz imkanları hesabına həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri barədə məlumat verib.
Söhbət zamanı mövcud parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Global Art