Müasir dövrdə dövlət satınalmaları artıq yalnız dövlət ehtiyaclarının təmin edilməsi mexanizmi deyil, həm də sahibkarlıq mühitinin inkişafına və rəqabətin gücləndirilməsinə xidmət edən mühüm iqtisadi alətə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, satınalma sisteminin şəffaflığı, hesabatlığı və rəqabətliliyi dövlət resurslarının səmərəli idarə olunmasının əsas göstəricilərindəndir: “Dövlət satınalmalarının auditi büdcə vəsaitlərinin qanunvericiliyə uyğun istifadəsinin qiymətləndirilməsi ilə yanaşı, rəqabət prinsiplərinin qorunmasına da xidmət edir”.
Elnur Bağırov vurğulayıb ki, agentlik dövlət satınalmalarında bərabər rəqabət imkanlarının təmin olunması, ayrı-seçkilik hallarının qarşısının alınması və satınalma proseslərinə ictimai etimadın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.