Global Art
XəBəRLəR

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında onlayn təlim mərhələsi başa çatıb

“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramında onlayn təlim mərhələsi başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramında onlayn təlim mərhələsi uğurla başa çatıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, təlimlər çərçivəsində 11 modul üzrə ümumilikdə 20 sessiya keçirilib. Sessiyalarda 5 qitədən peşəkar mentorlar, o cümlədən sahibkarlar, investorlar, professorlar və ekosistemin digər iştirakçıları ekspert qismində çıxış ediblər.

Proqramda dayanıqlı iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt, liderlik və komanda idarəetməsi, marketinq, satış strategiyaları, innovasiya və məhsul idarəetməsi, əqli mülkiyyət, biznesin inkişafı, investisiyaya hazırlıq və digər aktual istiqamətlər əhatə olunub.

Onlayn təlim mərhələsinə 15 ölkədən seçilmiş 200-dən çox startap layihəsi cəlb olunub.

İnteraktiv sessiyalarda iştirakçılara nəzəri biliklərlə yanaşı, real biznes situasiyaları üzrə praktiki nümunələr təqdim edilib. Təlimlər startapların öz biznes modellərini təkmilləşdirməsinə, bazar imkanlarını daha düzgün qiymətləndirməsinə, məhsul və xidmətlərini inkişaf etdirməsinə, satış və marketinq strategiyalarını formalaşdırmasına, eləcə də investisiya prosesinə daha hazırlıqlı yanaşmasına töhfə verib.

Beləliklə, “Startup School 4” müxtəlif ölkələrdən olan startaplar üçün bilik mübadiləsi, beynəlxalq ekspertlərlə əlaqə və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından vahid platforma rolunu oynayıb.

Proqramın növbəti mərhələsində startap komandalarına onların fərdi ehtiyacları və inkişaf istiqamətləri nəzərə alınmaqla mentor dəstəyi göstəriləcək. Mentor dəstəyi çərçivəsində komandaların qarşılaşdıqları konkret çağırışların müəyyənləşdirilməsi, biznes və məhsul strategiyalarının təkmilləşdirilməsi, bazara çıxış, satış, marketinq, investisiya və digər istiqamətlər üzrə fərdi məsləhətlərin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Startup School 4” proqramı startapların inkişafının dəstəklənməsi, beynəlxalq ekosistemlə əlaqələrinin gücləndirilməsi və Azərbaycan startaplarının qlobal bazarlara çıxış imkanlarının artırılması məqsədi daşıyır.

Daha çox