Global Art
XəBəRLəR

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda qeyd olunur ki, Əziz Əliyev yüksək amallara və humanist ideallara sadiq, xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərib. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu var. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik edib. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirib. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Əziz Əliyevin 130 illiyi 2027-ci ilin yanvarında tamam olur.

Daha çox