Global Art
XəBəRLəR

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Biz geosiyasi gərginliklərin, fikir ayrılıqlarının və etimadsızlığın artdığı bir dünyada yaşayırıq. Belə bir şəraitdə media xüsusi məsuliyyət daşıyır. Media yalnız cəmiyyətə informasiya çatdırmır, eyni zamanda, ictimai şüurun formalaşmasına və beynəlxalq gündəliyə təsir göstərir. Ən əsası isə media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Fələstin Dövlətinin Qazaxıstandakı səfiri Montaser Abu Zeid oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.

O bildirib ki, bugünkü çağırışlara sürətlə inkişaf edən süni intellekt texnologiyaları ilə bağlı yeni bir məsələ də əlavə olunur. Süni intellekt informasiya təhlili, faktların yoxlanılması, biliklərə çıxış imkanlarının genişləndirilməsi və informasiyanın daha sürətli yayılması baxımından jurnalistikanın qarşısında geniş imkanlar açır.

Səfirin sözlərinə görə, süni intellekt, həmçinin yeni risklər də yaradır. Bunlara yanlış və manipulyativ məlumatların yayılması, saxta foto və videoların hazırlanması, eləcə də ictimai rəyin manipulyasiyası daxildir. Bu səbəbdən şəffaflıq, insan nəzarəti olmalı, həmçinin jurnalistikanın peşəkar və etik standartlarına ciddi riayət edilməlidir.

“Biz hesab edirik ki, məsuliyyətli media mövcud fikir ayrılıqlarını daha da dərinləşdirməməli, əksinə, dialoq və qarşılıqlı anlaşma, eləcə də insan ləyaqətinə hörmət üçün imkan yaratmalıdır. Məhz bu baxımdan AQEM çərçivəsində qarşılıqlı fəaliyyətin və etimad tədbirlərinin gücləndirilməsi mühüm rol oynaya bilər", - deyə Montaser Abu Zeid qeyd edib.

Daha çox