Oktyabrın 26-da YAP Səbail rayon təşkilatı üzrə Parlament prospekti,1 Ərazi Partiya Təşkilatının Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair iclası keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin öz suverenliyini bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi mühüm əhəmiyyətə malikdir. O diqqətə çatdırıb ki, dövlətimizin başçısı Qurultaydakı proqram xarakterli çıxışında ölkəmizin strateji hədəfləri, dövlət müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Aparat rəhbəri Prezidentin hər bir vətənpərvər azərbaycanlı qarşısında yeni hədəf və vəzifələr qoyduğunu diqqətə çatdırıb.
Fərid Hacıyev çıxışında Milli Məclisdə Prezidentin Qurultaydakı çıxışından irəli gələn vəzifələrə dair keçirilmiş tədbirləri də diqqətə çatdırıb.
Sonra iclasda çıxış edən Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev YAP-ın VII Qurultayından ötən dövr ərzində ölkəmizdə görülmüş işlər və qazanılmış uğurlar barədə danışıb. O bildirib ki, VII Qurultaydan ötən dövrdə Azərbaycan öz suverenliyini tam bərpa edib, siyasi-iqtisadi, hərbi qüdrətini daha da artırıb və yeni sülh gündəliyi formalaşdırıb. Qeyd edilib ki, Ermənistanla sülh müqaviləsinin mətninin paraflanması regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ olub, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənib.
Adil Vəliyev diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın fəaliyyətində də aydın şəkildə özünü göstərir. Bu gün YAP nüfuzlu siyasi təşkilat kimi cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirir, qarşıya qoyulan vəzifələrin məqsədyönlü şəkildə həyata keçirilməsinə töhfə verir.
İclasda çıxış edənlər dövlət müstəqilliyinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Prezident İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn digər vəzifələrin əhəmiyyətindən danışıblar.