Proqnozlara əsasən, 2040-cı ilədək dünyada elektrik enerjisinə tələbat artmaqda davam edəcək. Təxminən 1,5 milyard insanın şəhərlərə köçəcəyi gözlənilir ki, bu da enerji istehlakının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “GL Group”un Xarici əlaqələr və kommunikasiyalar üzrə qrup vitse-prezidenti İlqar İbrahimli XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimindəki çıxışı zamanı deyib.
O qeyd edib ki, artan tələbatın qarşılanması üçün dünya hər il elektrik şəbəkələri, boru kəmərləri və bütün enerji mənbələri üzrə 4 trilyon dollardan çox investisiya yatırmalıdır.
“Enerji sektorunun gələcəyi bir enerji mənbəyinin digərini əvəz etməsində deyil, bütün enerji mənbələrinin paralel inkişaf etdirilməsindədir. Bu prosesdə coğrafi mövqe də mühüm rol oynayır. Azərbaycan tarixdə ilk sənaye neft quyusunun qazıldığı ölkə olmaqla yanaşı, bu gün də Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm enerji dəhlizi rolunu oynayır”, - deyə o diqqətə çatdırıb.
İ.İbrahimli qeyd edib ki, beynəlxalq investorların Azərbaycana marağı təsadüfi deyil: “Bu etimad etibarlı dövlət siyasəti, güclü infrastruktur və uzunmüddətli tərəfdaşlıqlara söykənir. Buna görə də qlobal enerji çağırışlarının həllində etibarlı əməkdaşlıq və davamlı investisiyalar həlledici əhəmiyyət daşıyır”.
Global Art