Global Art
XəBəRLəR

Görkəmli xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub

Görkəmli xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunub

Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümü tamam olub. Bu münasibətlə İkinci Fəxri xiyabanda anım tədbiri keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Xalq artisti Əli Nur, Əməkdar artist Təyyar Bayramov, Xan Şuşinskinin oğlu Aslan Cavanşirov çıxış edərək Xan Şuşinskinin Azərbaycan muğam sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, sənətkar özünəməxsus ifa tərzi, güclü səs imkanları və yüksək səhnə mədəniyyəti ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub.

Qeyd olunub ki, Xan Şuşinskinin yaradıcılıq irsi milli musiqi mədəniyyətimizin qiymətli xəzinəsidir. Onun ifa etdiyi muğam və təsniflər bu gün də sevilərək dinlənilir, sənətkarın yaradıcılığı gənc xanəndələr üçün məktəb olaraq qalır.

Çıxışlarda vurğulanıb ki, Xan Şuşinskinin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

Qeyd edək ki, Xan Şuşinski müstəsna istedadı, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğam ifaçılığı sənətini zənginləşdirib. Eyni zamanda, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirib, musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları dinləyicilərin yaddaşına əbədi həkk olunub.

Xan Şuşinskinin müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları da dillər əzbərinə çevrilib. O, bəstəkar mahnılarına da müraciət edib, Üzeyir Hacıbəylinin “Qara göz” əsərinin ilk ifaçısı olub.

Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi var. Milli muğam ifaçılığında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Daha çox