İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində regional qrupların - Ərəb, Afrika və Asiya qruplarının məsləhətləşmə görüşləri keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Asiya qrupunun iclasına Milli Məclisin deputatı Rizvan Nəbiyev sədirlik edib.
Rizvan Nəbiyev islam həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışda Prezident İlham Əliyevin islam həmrəyliyinin gücləndirilməsini müasir dövrün ən mühüm prioritetlərindən biri kimi müəyyən etdiyi qeyd olunub. Bildirilib ki, artan geosiyasi gərginliklər, humanitar böhranlar və islamofobiyanın genişlənməsi fonunda müsəlman ölkələri arasında həmrəylik artıq yalnız prinsiplə yanaşı, praktiki əməkdaşlıq mexanizminə çevrilməlidir.
Qruplarda təşkilatın strukturlarına ortaq namizədliklərinin irəli sürülməsi, gələcək fəaliyyəti üzrə ortaq mövqenin əlaqələndirilməsi kimi təşkilati və koordinasiya məsələləri müzakirə olunub.
Görüşlərdə, həmçinin növbəti sessiyalara sədrlik və ev sahibliyi, İcraiyyə Komitəsi, Baş Komitə və daimi ixtisaslaşmış komitələrə, eləcə də təşkilatın gələcək fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Məsləhətləşmələr zamanı regional qrupların mövqelərinin uzlaşdırılması və qarşıdakı iclaslar üçün ortaq qərarların hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.
Komitələrdə müzakirə olunacaq sənədlər və qərar layihələri ətrafında fikir mübadiləsi aparılıb. Regional qrupların üzvləri qarşıdakı iclaslarda ortaq mövqelərin uzlaşdırılması, əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın təmin edilməsi ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti Asiya Qrupunun toplantısında gündəlikdə duran məsələlər üzrə müzakirələrə qoşulub.
Global Art