Global Art
XəBəRLəR

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur

Mayın 26-da “Sea Breeze” kurort şəhərində “İnvestisiyaların yeni coğrafiyası” adlı sessiya açılıb. Tədbirdə regionun iqtisadi potensialı, biznesə dəstək mexanizmləri və birgə layihələrin perspektivləri müzakirə edilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev mövcud iqtisadi tendensiyalara ümumi vizyon təqdim edib və ölkədə investorlar üçün mövcud imkanlardan danışıb.

ABB bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev investisiya layihələri ilə əməkdaşlığın maliyyə aspektlərinə diqqət yetirib. O, Azərbaycanın infrastrukturunun Rusiya biznesi üçün əlverişli olduğunu vurğulayıb. Azərbaycan-Rusiya biznes əlaqələrinin gücləndirilməsi potensialı, geniş korporativ xidmətlər və beynəlxalq təcrübənin mövcudluğu da qeyd edilib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında Cənubi Qafqazda regional sabitlik, iqtisadi-ticari əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların təşviqi məsələlərinə toxunub. O, həmçinin sənaye əməkdaşlığının perspektivlərinə, birgə müəssisələrin yaradılmasına, mədəni, təhsil və tibbi turizm də daxil olmaqla ikitərəfli turizmin inkişafına xüsusi diqqət yetirib. Humanitar və mədəni qarşılıqlı əlaqələr də müzakirə mövzuları arasında olub.

Azərbaycan-Rusiya Biznes Şurasının İdarə Heyətinin sədri, “Agalarov Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov kurortda həyata keçirilən layihələri təqdim edib və layihənin investisiya cəlbediciliyini formalaşdıran amillərdən danışıb. Onun çıxışında, həmçinin davamlı inkişaf və ətraf mühit məsələlərinə toxunulub.

Bundan əlavə, YES apart-hotel şəbəkəsi baş direktorunun müavini Anton Aqapov iştirakçıları “Sea Breeze”də həyata keçirilən layihə ilə tanış edib və onun həm özəl, həm də korporativ investorlar üçün potensialı haqqında danışıb.

Müzakirə zamanı Azərbaycanın investisiya cəlbediciliyi, mövcud vergi güzəştləri və dövlət dəstəyi tədbirləri, həmçinin beynəlxalq biznes əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

Sessiya iştirakçıları investisiya əməkdaşlığının yeni sahələri və iri infrastruktur layihələrinin regional iqtisadi inkişafdakı rolu barədə fikir mübadiləsi aparıblar.

Global Art

Daha çox