Global Art
XəBəRLəR

İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib

İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib

İstanbulda Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Dünya Türk İş Şurası (DTİK) tərəfindən təşkil olunan II DTİK Türkiyə Görüşü çərçivəsində Qlobal Diaspor Liderləri Zirvəsi keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində diaspor siyasəti, Türk dünyasında diasporun artan rolu və iş dünyasının diaspor fəaliyyətlərinə verdiyi töhfələr müzakirə olunub.

DTİK Qlobal Diaspor Liderləri Zirvəsində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin xarici işlər nazirinin müavini, nazirliyin Avropa İttifaqı ilə məsələlər üzrə sədri Mehmet Kemal Bozay, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdülhadi Turus, milli basketbolçu və “Guler Legacy”nin təsisçisi Sinan Gülər iştirak ediblər.

DEİK-in baş katibinin müavini Adem Yavuzun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Valeh Hacıyev diasporun inkişafında ən mühüm amillərdən birinin insan kapitalı olduğunu vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlərin, mühəndislərin, elm və incəsənət xadimlərinin forumları təşkil olunur.

Bununla yanaşı, hər il xaricdə yaşayan 150–200 azərbaycanlı gəncin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində gənclər düşərgələrinin təşkil olunduğunu bildirən Valeh Hacıyev bu təşəbbüslərin Azərbaycan diasporunun potensialının gücləndirilməsinə və soydaşlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbir mövzu ətrafında fikir mübadilələri ilə davam edib.

Daha çox