Global Art
XəBəRLəR

ITF-in İllik Sammitində Azərbaycanın təşkilata uğurlu sədrliyi barədə məlumat verilib

ITF-in İllik Sammitində Azərbaycanın təşkilata uğurlu sədrliyi barədə məlumat verilib

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə işə başlayan Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti çərçivəsində “Dayanıqlılığın dəyəri: Niyə sərfəlidir və niyə çətindir?” mövzusunda plenar iclas keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclasda açılış çıxışında “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusunun aktuallığını qeyd edərək, köhnələn infrastruktur, yeni mobillik tələbləri ilə bağlı problemlərin həllində ənənəvi yanaşmaların artıq kifayət etmədiyini bildirib.

“Dayanıqlılıq təkcə infrastruktur məsələsi deyil, eyni zamanda, düzgün maliyyələşdirmə və ağıllı idarəetmə məsələsidir. Uzunömürlü sistemlər üçün bizə daha çevik planlaşdırma, daha səmərəli investisiya və xərcləri optimallaşdıran texnologiyalar lazımdır”, - deyə nazir vurğulayıb.

R.Nəbiyev bildirib ki, Azərbaycanın ITF-ə sədrliyi dövründə əsas məqsədi müzakirələri daha çox real nəticələrə yaxınlaşdırmaq olub. Bu istiqamətdə beş əsas istiqamətin formalaşdırdığını vurğulayıb. Qeyd edilib ki, əlaqələndirilmiş investisiyalar və güclü bağlantı istiqamətində Azərbaycan Avrasiya üzrə multimodal dəhlizlərin inkişafı və beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması istiqamətində irəliləyiş əldə edib. Bu yanaşma həm xərcləri azaldır, həm də layihələri daha cəlbedici edir. Həmçinin ITF-in inklüziv və balanslı formatının qorunduğu, qarşılıqlı anlaşma və konsensusun ön plana çıxarıldığı qeyd olunub.

Bundan başqa, Azərbaycanın investorlar və qərarvericilər üçün daha proqnozlaşdırıla bilən və əsaslandırılmış siyasət yanaşmaları təqdim etməyə çalışdığı, üzv ölkələrin genişlənmə ilə bağlı gözləntilərinə cavab olaraq, daha şəffaf və ardıcıl qoşulma yanaşması üzərində işlədiyi, İş Proqramı üzrə əldə edilən irəliləyişin uzunmüddətli əməkdaşlığın daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.

Bu prioritetlərin Azərbaycanda həyata keçirilən layihələrlə də dəstəkləndiyini diqqətə çatdıran R.Nəbiyev ölkəmizin Orta Dəhliz boyunca inteqrə olunmuş multimodal infrastruktur formalaşdırdığını, bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və aviasiya klasteri, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantını xüsusi qeyd edib.

Nazir, həmçinin şəhər mobilliyində ictimai nəqliyyat və mikromobilliyin planlaşdırma və real vaxt izləmə imkanları ilə bir platformada birləşdirildiyini bildirib, bu nailiyyətlərin əsasında mühüm islahatların, o cümlədən sürətli sərhəd keçidlərinin, səmərəli logistika mərkəzlərinin və qurumlararası güclü koordinasiyanın dayandığını diqqətə çatdırıb.

Sonra Azərbaycanın zəngin mədəni irsini və müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda ölkəmizin tarixi, multikultural dəyərləri, sürətlə inkişaf edən şəhər infrastrukturu və nəqliyyat-logistika potensialı vizual olaraq təqdim edilib.

Daha sonra Azərbaycanın milli musiqi ənənələrini əks etdirən musiqi proqramı təqdim olunub. Canlı ifada səsləndirilən milli musiqi nümunələri tədbirə xüsusi ab-hava qataraq qonaqlarda ölkəmizin mədəniyyətinə dair dərin təəssürat formalaşdırıb.

Plenar iclasda nəqliyyat sektorunda dayanıqlılığın əhəmiyyəti və onun iqtisadi sabitlik, əlaqəlilik və uzunmüddətli risklərin azaldılmasında oynadığı rolla bağlı müzakirələr aparılıb.

Global Art

Daha çox