Global Art
XəBəRLəR

Kaliforniyada “Nazim və dostları” adlı sərgi açılıb

Kaliforniyada “Nazim və dostları” adlı sərgi açılıb

ABŞ-nin Kaliforniya ştatının Qərbi Hollivud şəhərində yerləşən “Long Hol” sərgi salonunda azərbaycanlı rəssam Nazim Hacıyevin adını daşıyan “Nazım and Friends” (Nazim və dostları) sərgisi açılıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Nazim Hacıyevlə yanaşı Arzu Xəlilova, Fidan Kim, Oleq Volovik, Anna Milsteyn və Edvard Qof olmaqla ümumilikdə altı rəssam və fotoqrafın əsərləri nümayiş etdirilir.

Ekspozisiya müxtəlif yaradıcılıq istiqamətlərini əhatə edir. Sərgidə rəngkarlıq, qrafika və fotoqrafiya nümunələri, o cümlədən sürrealizm, Şərq təsviri sənəti və miniatür ənənələrinin elementlərini əks etdirən əsərlər təqdim olunur. Müxtəlif üslub və yaradıcılıq yanaşmalarına malik sənətçilərin əsərlərinin bir məkanda nümayiş etdirilməsi sərginin əsas xüsusiyyətlərindən biridir.

Açılış mərasimində rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri, eləcə də incəsənətsevərlər iştirak ediblər. Layihə Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğunun və Naum Reznik adına Rusdilli İctimai Kitabxananın iştirakı ilə həyata keçirilib.

“Nazım and Friends” sərgisi 12 oktyabradək ziyarətçilər üçün açıq olacaq.

Daha çox