Global Art
XəBəRLəR

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazinin anadan olmasının 114-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində maestronun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları I Fəxri xiyabana gələrək maestro Niyazinin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Niyazinin mənzil-muzeyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış ediblər.

Çıxışlarda maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən, dirijor və bəstəkar kimi zəngin yaradıcılıq irsindən, milli musiqimizin təbliği və dünya miqyasında tanıdılmasında mühüm rolundan bəhs olunub. Qeyd edilib ki, Niyazinin sənət irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir və onun yaradıcılığı bu gün də musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Tədbir bədii hissə ilə davam edib.

Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Rəngarəng musiqi proqramı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış, maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Daha çox