Global Art
XəBəRLəR

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycan və Özbəkistan arasında uğurla inkişaf edən münasibətlər mədəniyyət sahəsini də əhatə edir. Bu sahədə xalqlarımızın ortaq tarixi yaddaşı, mənəvi dəyərləri və yaxın ənənələri yeni yaradıcılıq əlaqələri üçün möhkəm zəmin yaradır. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri musiqidir. İki xalqın musiqi irsində ortaq köklər, yaxın estetik duyum və xüsusilə şifahi ifaçılıq sənətində özünü göstərən bir-birinə yaxın ənənələr diqqəti cəlb edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, dosent Malik Mansurov məlumat verib. Onun fikrincə, belə mədəni yaxınlığın nümunələrindən biri Azərbaycan muğamı və Özbəkistan makomudur. Müxtəlif tarixi və regional şəraitdə formalaşan bu musiqi ənənələrinin şifahi ifaçılıq, ustad-şagird prinsipi və musiqinin poeziya ilə sıx əlaqəsi baxımından bir sıra ortaq xüsusiyyətləri var.

“Azərbaycan muğamının qorunmasında və inkişafında ifaçılıq məktəblərinin xüsusi rolu var. Bu sənətin gələcəyi yalnız zəngin irsin qorunması ilə deyil, həm də yeni nəsil ifaçıların yetişdirilməsi, onların ənənəyə münasibəti və öz yaradıcılıq üslublarını formalaşdırması ilə bağlıdır”, – deyə həmsöhbətimiz vurğulayıb.

Xalq artisti dəfələrlə Özbəkistanda olub, Səmərqənd və Daşkənddə çıxış edib, həmçinin özbək musiqiçiləri ilə eyni səhnəni bölüşüb.

“Özbəkistana müxtəlif kollektivlərlə getmişik, bəzən də tək çıxış etmişəm. Özbək musiqiçiləri ilə birlikdə səhnəyə çıxdığımız vaxtlar da olub. Onlar öz musiqilərini ifa ediblər, biz isə öz musiqimizi təqdim etmişik. Belə görüşlər iki xalqın musiqi ənənələri arasındakı yaxınlığı daha aydın hiss etməyə imkan verir”, – deyə tarzən qeyd edib.

M.Mansurovun sözlərinə görə, iki ölkənin musiqi ənənələri arasındakı fərqlər əsasən dil, dialekt, intonasiya və regional xüsusiyyətlərlə bağlıdır. Bununla yanaşı, musiqi irsinə daha dərindən nəzər saldıqda Yaxın Şərq və Mərkəzi Asiyanın geniş coğrafiyası üçün xarakterik olan ortaq mədəni əsaslar da üzə çıxır.

Musiqiçi musiqi ilə poeziyanın sıx əlaqəsinə də diqqət çəkib. Onun sözlərinə görə, əruz və qəzəl ənənələri hər iki xalqın musiqi mədəniyyətinə mühüm təsir göstərib, ortaq tarixi-mədəni məkan isə onların musiqi irsində də öz əksini tapıb.

İki ölkənin musiqi mədəniyyətləri arasındakı yaxınlığın ən konkret nümunələrindən biri kimi M.Mansurov tar alətini göstərib. Azərbaycan musiqi mədəniyyətinin simvollarından biri olan bu alət zamanla ölkə hüdudlarından kənarda da geniş yayılıb.

“Tar bizim üçün necə doğmadırsa, özbəklər üçün də elə doğma alətə çevrilib. Özbəkistanda tara böyük maraq var. Bizim gənc tarzənlər də oraya gedir, konsertlərdə iştirak edirlər. Bu da iki ölkənin musiqi əlaqələrində tarın xüsusi yerini göstərir”, – deyə o bildirib.

Alətin tarixindən danışan M.Mansurov XIX əsrdə tarın quruluşunda mühüm dəyişikliklər edən və Azərbaycan tar ifaçılığının inkişafına böyük təsir göstərən Mirzə Sadıq Əsəd oğlunun – Sadıqcanın rolunu qeyd edib. Sonrakı dövrlərdə tar regionun müxtəlif ölkələrində yayılaraq başqa xalqların da musiqi mədəniyyətinə daxil olub.

Azərbaycan-Özbəkistan musiqi əlaqələrinin perspektivlərindən danışan M.Mansurov ifaçılar arasında birbaşa ünsiyyətin və daha fəal yaradıcılıq mübadiləsinin əhəmiyyətini vurğulayıb.

“Biz özbək musiqisini birbaşa böyük ustadlardan öyrənməyə çalışmalıyıq. Onlar da bizim ifaçılardan çox şey öyrənə bilərlər. Ustadların görüşləri, birgə ustad dərsləri hər iki tərəfə bir-birinin təcrübəsindən faydalanmağa imkan verərdi. Belə görüşlər nə qədər çox olsa, musiqi əlaqələrimiz də bir o qədər zənginləşər”, – deyə o qeyd edib.

Daha çox