Global Art
XəBəRLəR

Meksikalı rejissorun filmi X “DokuBaku” festivalının proqramına daxil edilib

Meksikalı rejissorun filmi X “DokuBaku” festivalının proqramına daxil edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, Mədəniyyət attaşesi Aristeo González Guerrero, səfirliyin əməkdaşı Günel Hacıyeva və “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının (“DokuBaku” BSFF) komandası arasında görüş olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Meksika arasında kino, xüsusilə də sənədli film sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında mədəni mübadilənin gücləndirilməsi, yaradıcı və peşəkar əlaqələrin inkişaf etdirilməsi, eləcə də gələcəkdə birgə kino layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Söhbət zamanı meksikalı rejissor Roberto Ortizin “Mələklər” futbol komandası” (“Ángeles FC”) sənədli filmi bu il “Ulduz Sivilizasiyası” (“Stellar Civilization”) mövzusuna həsr olunan və oktyabrın 5-dən 11-dək Bakıda keçiriləcək X “DokuBaku” BSFF-in “DokuKids” bölməsinin proqramına seçilib.

Uşaqlar üçün nəzərdə tutulan “DokuKids” bölməsi sənədli kino vasitəsilə gənc tamaşaçıların dünyagörüşünü genişləndirməyi, onları müxtəlif mədəniyyətlər və həyat hekayələri ilə tanış etməyi qarşısına məqsəd qoyur. Layihə, eyni zamanda, fərqli baxış bucaqlarına açıq və tənqidi düşünən gənc nəslin yetişməsinə töhfə verməyi hədəfləyir.

Görüşdə, həmçinin rejissor Roberto Ortizin “DokuBaku” BSFF-də iştirakı və festival çərçivəsində Bakıya səfərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Bununla yanaşı, rejissorun iştirakı ilə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə vörkşop və ustad dərsinin keçirilməsi imkanları nəzərdən keçirilib.

Görüş Azərbaycan və Meksika arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və peşəkar əlaqələrin genişləndirilməsi, eləcə də iki ölkənin kino mədəniyyətləri arasında yeni əlaqələrin və əməkdaşlıq platformalarının yaradılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Görüşdən sonra qonaqlar AKİ-nin kinozalı ilə tanış olublar və ittifaqın fəaliyyəti barədə məlumat alıblar.

Daha çox