Tibb və incəsənət sahəsində çalışan mütəxəssislər Mikelancelonun "Oyanan qul" adlı mərmər heykəlində qoltuqaltı nahiyədə irinli hidradenit (dəri xəstəliyi) xəstəliyini xatırladan əlamətlər aşkar ediblər.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Ethics, Medicine and Public Health" jurnalında dərc olunub.
1519-1536-cı illərdə yaradılan və hazırda Florensiyada saxlanılan əsər öz anatomik xüsusiyyətləri ilə tədqiqatçıların diqqətini cəlb edib. Heykəlin qoltuqaltı nahiyəsindəki detallar tük follikullarının xroniki iltihabına xas simptomları xatırladır. Mikelancelonun insan anatomiyasını son dərəcə dəqiq təsvir etdiyi nəzərə alınarsa, bu detalların şüurlu bir bədii seçim olduğu ehtimal edilir.
"İkonodiaqnostika" adlanan bu metod daha əvvəl rəsm əsərlərində müxtəlif xəstəliklərin əlamətlərini müəyyən etmək üçün də tətbiq olunub. Məsələn, bu üsulla daha əvvəl Sikstin kapellasının freskalarında onkoloji xəstəlik əlamətlərinin olduğu irəli sürülmüşdü.
Tədqiqat müəllifləri vurğulayırlar ki, irəli sürdükləri fərziyyə inandırıcı görünsə də, yalnız heykələ əsaslanaraq qəti tibbi diaqnoz qoymaq mümkün deyil. Onların fikrincə, bu cür araşdırmalar incəsənətlə tibb arasındakı maraqlı əlaqəni nümayiş etdirsə də, nəticələrə ehtiyatla yanaşmaq lazımdır.
Global Art