Global Art
XəBəRLəR

Muzey Mərkəzində yenilənmiş sərgi zalları istifadəyə verilib

Muzey Mərkəzində yenilənmiş sərgi zalları istifadəyə verilib

Muzey Mərkəzində yenilənmiş, immersiv texnologiyalar əsasında qurulmuş sərgi zallarının və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” adlı sərginin açılış mərasimi keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, sənətşünaslar, diplomatik korpusun üzvləri, media nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Əvvəlcə bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı qonaqlara layihə haqqında məlumat verib. O bildirib ki, Muzey Mərkəzində həyata keçirilən yenilənmə işlərinin məqsədi Azərbaycan təsviri sənətinin zəngin irsini müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya təqdim etmək, ziyarətçilər üçün yeni və interaktiv muzey təcrübəsi yaratmaqdır.

Daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Reala İsa-zadə çıxış edərək layihənin ölkənin mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan təsviri sənətinin müxtəlif inkişaf mərhələlərini əks etdirən qiymətli nümunələrdir.

Tədbirdə çıxış edən bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, eləcə də layihənin rəhbəri, “Greentech Solutions” şirkətinin direktoru Mikayıl Zeynalov layihənin həyata keçirilməsində dövlət və özəl sektor əməkdaşlığının əhəmiyyətini qeyd edib, müasir texnologiyaların milli mədəni irsin təbliğində yeni imkanlar yaratdığını bildiriblər.

Çıxışlardan sonra rəsmi qonaqların iştirakı ilə sərginin açılışını bildirən simvolik lent kəsilib.

Açılışın ardından iştirakçılar Muzey Mərkəzinin yenilənmiş sərgi zalları ilə tanış olublar. Müasir işıqlandırma, rəqəmsal həllər və immersiv texnologiyalarla təchiz olunan ekspozisiya məkanı ziyarətçilərə sənət əsərlərini fərqli rakursdan izləmək və onların bədii xüsusiyyətlərini daha yaxından dərk etmək imkanı yaradır.

“Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisində ölkənin görkəmli rəssamlarının müxtəlif dövrləri əhatə edən seçilmiş əsərləri nümayiş etdirilir. Ekspozisiyada portret, mənzərə, natürmort və məişət janrlarında yaradılmış rəngkarlıq nümunələri, Azərbaycan təsviri sənətinin inkişaf yolunu əks etdirən dəyərli əsərlər yer alıb.

Sərgidə nümayiş olunan kolleksiya həm klassik, həm də müasir dövr Azərbaycan rəssamlarının yaradıcılığını əhatə etməklə milli təsviri sənətin zəngin bədii ənənələrini və estetik dəyərlərini nümayiş etdirir.

Rəsmi hissədən sonra qonaqlar sərgi ekspozisiyası ilə yaxından tanış olub, müəlliflər və təşkilatçılarla fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində canlı musiqi proqramı təqdim olunub, ziyarətçilər üçün ünsiyyət və tanışlıq imkanı yaradılıb.

Qeyd edək ki, yenilənmiş sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi yaxın günlərdə də ziyarətçilər üçün açıq olacaq. Burada Azərbaycan təsviri sənətinin zəngin irsi müasir muzey texnologiyaları ilə vəhdətdə təqdim edilir.

Global Art

Daha çox