Yunan mifologiyasının ən təsirli hissələrindən biri titanlardan olan Prometey haqqındadır. Belə ki, Prometey tanrılardan odu oğurlayaraq insanlara bəxş edir. Buna görə də baş tanrı Zevs tərəfindən cəzalandırılır və Qafqaz dağlarında zəncirlənir. Mən inanıram ki, Prometeyin zəncirləndiyi yer məhz Qafqaz dağlarının Azərbaycan ərazisinə düşən hissəsi olub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.
“Çünki qədim yunanlar da bu torpaqlarda yerdən təbii şəkildə sızan neftin və qazın mövcudluğunu bilirdilər. Başqa sözlə desək, od bu torpaqlarda həmişə olub”,- deyə nazir müavini bildirib.
Elnur Soltanov qeyd edib ki, Bakı Yay Enerji Məktəbi də bu qədim odun və enerjinin müasir dövrdə elmə, biliyə və innovasiyaya çevrilməsinin metodlarını öz iştirakçılarına çatdıracaq platformadır. Burada enerji sektorunun ən aktual istiqamətləri, neft və qaz sənayesindəki müasir yanaşmalar, bərpaolunan enerji texnologiyaları, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf mövzularında dərin biliklər əldə etmək mümkündür. “Əminəm ki, bu proqramı başa vurduqdan sonra təkcə texniki baxımdan daha bilikli deyil, həm də daha geniş dünyagörüşünə, güclü peşəkar əlaqələrə və gələcəyə daha inamlı baxışa sahib olacaqsınız.
İnanıram ki, burada qazandığınız bilik və təcrübə sizin üçün bir alova çevriləcək. Siz bu alovu yalnız öz peşəkar inkişafınız üçün deyil, həm də ölkələrinizdə və cəmiyyətlərinizdə enerji sahəsinin inkişafına, innovasiyaların tətbiqinə və dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün daşıyacaqsınız”, - deyə nazir müavini diqqətə çatdırıb.
Global Art