Təəssüf ki, bu günə qədər müxtəlif beynəlxalq qurumlara 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, dəqiq məlumat ala bilməmişik. Yalnız rəşadətli ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsindən sonra kütləvi məzarlıqların aşkarlanması, qalıqların identifikasiyası və ailələrinə verilmə prosesi başlanılıb. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər olduqca böyük ümid yaradır ki, itkin düşmüş bütün şəxslərin taleyi yaxın zamanda müəyyənləşəcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva deyib.
S.Əliyeva bildirib ki, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda bir çox ölkələrin ekspertləri, təcrübəli şəxslər iştirak edir və Azərbaycanda bu günə qədər toplanan təcrübə bir çox ölkələr üçün artıq bir nümunədir. Qeyd edilib ki, bu istiqamətdə Azərbaycan dövlətinin apardığı işlər artıq dünya miqyasında tanınır.