Müsahibimiz opera müğənnisi, lirik soprano Məryəm Hacıyevadır. Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Məryəm xanım, musiqi təhsilini Qüds Musiqi və Rəqs Akademiyasında alıb, daha sonra İsrail Operasının Opera Studiyasına (Meitar Opera Studio) dəvət olunub. 2017-ci ildə Vyanaya köçən Məryəm Hacıyeva burada Musiqi və İfa Sənəti Universitetində (MDW) “Opera sənəti” ixtisası üzrə magistratura təhsilini başa vurub, daha sonra Vyana Dövlət Operasının Akademiyasında təhsil alıb.
Yaradıcılıq fəaliyyəti ərzində İsrail, Avstriya, Almaniya və İspaniyanın səhnələrində aparıcı opera partiyalarını ifa edib. Bundan əlavə, Məryəm Hacıyeva kamera müğənnisi kimi də fəal konsert fəaliyyəti göstərir, alman Liedlərini, Azərbaycan və rus vokal musiqisini ifa edir.
- Məryəm xanım, Vyanada yaşayıb, burada da fəaliyyət göstərirsiniz. Həmvətənlərimizlə əməkdaşlıq edirsinizmi?
- Vyanada yaşayıb fəaliyyət göstərməyimə baxmayaraq, Azərbaycanla sıx əlaqələrimi qorumağa çalışıram. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrində böyük məmnuniyyətlə iştirak edirəm. Bir neçə il əvvəl ilk solo konsertim də məhz burada keçirilib. Bu ilin ən yaddaqalan hadisələrindən biri isə Bakıda solo konsertimin keçirilməsi oldu. Zalın tam dolması və ürəkdən gələn alqışlar mənə böyük ruh yüksəkliyi verdi. Ümid edirəm ki, yaxın vaxtlarda yenidən Bakı tamaşaçıları qarşısında çıxış edəcəyəm.
- Azərbaycandan başqa Qüdsdə, daha sonra isə Vyanada təhsil almısınız. Bu sintez sizə nə verdi?
- Təhsilim tədricən formalaşıb və onun hər bir mərhələsi mənim üçün mühüm rol oynayıb. Qüds Musiqi və Rəqs Akademiyasında möhkəm vokal və musiqi bazası əldə etdim. Təhsil aldığım müddətdə İsrail Operasının Opera Studiyasına (Meitar Opera Studio) qəbul olundum. Orada aralarında Coan Dorneman və Con Norrisin də olduğu görkəmli pedaqoqlar və sənətçilərlə işləmək mənə nəsib oldu. Bundan əlavə, mütəmadi olaraq ustad dərslərində iştirak edirdim ki, bu da mənim üçün əvəzolunmaz təcrübəyə çevrildi.
Növbəti mərhələ Vyana oldu. Vyana Musiqi və İfa Sənətləri Universitetində (mdw) professor Marqit Klaushoferin sinfində təhsil alaraq magistraturanı başa vurdum. Məhz Vyanadakı təhsil mənim qarşımda yeni peşəkar imkanlar açdı, belə ki, görkəmli musiqiçilərlə tanış oldum, dünyanın əsas musiqi mərkəzlərindən birinin ab-havasına qərq oldum və sonradan Vyana Dövlət Operasının Akademiyasında təhsilimi davam etdirmək, daha sonra isə Vyana Dövlət Operasının artisti olmaq imkanı qazandım.
Hesab edirəm ki, məhz İsrail məktəbinin, Vyana ənənəsinin və Azərbaycan köklərimin vəhdəti məni bir sənətçi kimi formalaşdırıb və mənə yaradıcılığa geniş baxış qazandırıb.
- İndiyədək bir çox aparıcı opera partiyalarını ifa etmisiniz. Hansı partiyanı ifa etməyi arzulayırsınız?
- Əvvəla, bu illər ərzində qarşıma çıxan bütün imkanlara görə minnətdaram. Səhnədə müxtəlif rolları ifa etmək, eləcə də müxtəlif tamaşalarda özümü sınamaq mənim üçün böyük təcrübə olub. Verdinin “Traviata” operasında Violetta partiyasını ifa etməyi çox istərdim. Həmçinin hansısa Azərbaycan operasında, məsələn, Fikrət Əmirovun “Sevil” operasında Dilbər və ya Sevil partiyasını ifa etməyi arzulayıram.
- Xaricdə Azərbaycan vokal musiqisini ifa edirsiniz. Xarici tamaşaçılar buna necə reaksiya verirlər?
- Bilirsiniz, xarici tamaşaçılar Azərbaycan musiqisini hər zaman çox səmimi qarşılayırlar. Mənə elə gəlir ki, onun gücü Şərqə xas emosional duyumla Avropa musiqi ənənəsini özündə birləşdirməsindədir. Dinləyicilər dilimizi başa düşməsələr belə, bu musiqinin dərinliyini çox incə şəkildə hiss edirlər. Konsertlərdən sonra çoxları yanıma yaxınlaşaraq tamamilə yeni bir musiqi mədəniyyəti kəşf etdiklərini və onun haqqında daha çox məlumat əldə etmək istədiklərini deyirlər. Bu, mənim üçün xüsusilə dəyərlidir, çünki musiqi vasitəsilə dünyanı Azərbaycanla tanış edə bilirəm.
- Bəs səhnədə özünüzü inamlı hiss etməyinizə nə kömək edir?
- Yəqin ki, bu, azərbaycanlılara xas mənəvi açıqlıqdır. Bizə uşaqlıqdan insanlara hörmətlə yanaşmaq öyrədilir. Sənətçi üçün bu xüsusilə vacibdir. Çünki səhnə həmişə tamaşaçı ilə canlı dialoqdur və tamaşaçı səmimiyyəti dərhal hiss edir. Mənə elə gəlir ki, məhz daxili dayaq hissi həm səhnədə, həm də ümumiyyətlə həyatda mənə kömək edir. Haradan gəldiyini bildikdə, bir sənətçi kimi kim olduğunu anlamaq daha asan olur.