Qlobal xam neft ehtiyatlarının bu ilin dördüncü rübündə gündəlik orta hesabla 2,7 milyon barel, 2027-ci il ərzində isə sutkada orta hesabla 5 milyon barel artacağı proqnozlaşdırılır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, bəzi Körfəz istehsalçıları Hörmüz boğazından istifadə etmədən daşınmaları alternativ marşrutlara yönləndib, Yaxın Şərqdən kənarda, əsasən Şimali və Cənubi Amerikada istehsalçılar xam neft ixracını artırıb, ABŞ-nin və bəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin strateji neft ehtiyatlarından bazara neft tədarükü bərpa olunub. Neft axınlarının bərpası ilə Yaxın Şərqdə xam neft istehsalının əvvəllər proqnozlaşdırılandan daha məhdud şəkildə azalması gözlənilir. İyun ayında istehsal azalmaları orta hesabla gündəlik 8,3 milyon barel təşkil edib ki, bu da may ayında qeydə alınan sutkalıq 11,2 milyon barel pik səviyyəsindən aşağıdır. İlin sonuna qədər xam neft istehsalı və ticarətinin əksəriyyətinin münaqişədən əvvəlki səviyyələrə yaxınlaşacağı gözlənilsə də, dördüncü rübdə gündəlik orta hesabla 1,4 milyon barel istehsalın dayandırılacağı, bu istehsal gücünün böyük hissəsinin isə 2027-ci ilin birinci rübündə yenidən bərpa olunacağı proqnozlaşdırılır.
Digər tərəfdən, qlobal neft ehtiyatlarının ilin ikinci rübündə gündəlik orta hesabla 5,1 milyon barel azalıb, üçüncü rübdə isə əlavə 2,2 milyon barel azalacağı gözlənilir. Lakin, üçüncü rübün böyük hissəsini əhatə edəcək keçid dövründən sonra neft bazarlarının tədarük bolluğuna qayıtması proqnozlaşdırılır. Təklifin istehlakdan daha sürətli artmağa davam etməsi səbəbindən neft qiymətlərinə aşağı təzyiqin davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, qlobal neft tələbatı azalma mərhələsinə qədəm qoyub. Yanacaq qiymətlərinin artması, yanacaq təchizatı çatışmazlığı və hökumətlərin yanacaq istehlakını məhdudlaşdırmaq üçün gördüyü tədbirlər son aylarda neft tələbatını azaldıb və beləliklə, qlobal neft ehtiyatlarının azalmasını məhdudlaşdırıb. Qlobal neft istehlakının bu il orta hesabla gündə 1,2 milyon barel azalacağı, bu azalmanın 800 barelinin barelinin isə OECD-yə üzv olmayan ölkələrdən gələcəyi gözlənilir. Bundan əlavə, neft qiymətlərinin azalması və təklif axınlarının tam normal vəziyyətə qayıtması ilə neft tələbatının gələn il bərpa olunacağı proqnozlaşdırılır. Qlobal neft istehlakının 2027-ci ildə gündəlik 2 milyon barel artaraq 2025-ci ilin orta göstəricisini sutkada 800 min barel üstələyərək 104,8 milyon barelə çatacağı nəzərdə tutulur.
Global Art