Global Art
XəBəRLəR

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir

Azərbaycan qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Parlamentin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycanda qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar.

Milli Məclisin sədri xüsusi olaraq bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Onun fəaliyyəti Azərbaycanda qadınların ictimai həyatda artan rolunu aydın şəkildə göstərir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.

Çıxışda, həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə münaqişədənsonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər. Milli yenidənqurma prioritetlərinə və “Böyük Qayıdış” Proqramına uyğun olaraq, qadınlar bu ərazilərdə sosial, iqtisadi və institusional reinteqrasiya prosesində fəal iştirak edir, infrastrukturun bərpasında, ictimai həyatın yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsində mühüm rol oynayırlar.

O cümlədən təhsil, səhiyyə, dövlət idarəçiliyi və yerli iqtisadi inkişaf sahələrində qadınların töhfəsinin uzunmüddətli bərpanın və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini bildirən spiker Sahibə Qafarova ümumilikdə qadınların yenidənqurma prosesində fəal iştirakının Azərbaycanın münaqişədənsonrakı inkişaf yanaşmasını əks etdirdiyini diqqətə çatdırıb.

Global Art

Daha çox