Müasir dövrdə Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.
Nazir müavini vurğulayıb ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələr bu istiqamətdə mühüm nəticələr verib. Mədəniyyət, elm, təhsil, kitabxana işi, muzey fəaliyyəti, mədəni irsin qorunması və humanitar əməkdaşlıq sahələrində formalaşan tərəfdaşlıq münasibətləri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Qeyd edək ki, beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutub.
Global Art