Səfir Kamil Xasiyev Azərbaycanın Avstriyada səfiri təyin edilməsinə dair etimadnaməsini bu ölkənin Federal Prezidenti Aleksander Van der Bellenə təqdim edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, səfir K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksander Van der Bellenə çatdırıb.
Təqdimetmə mərasimindən sonra Prezident A. Van der Bellen Azərbaycan-Avstriya münasibətlərinin müxtəlif aspektlərinə toxunub, xüsusilə iqtisadi sferada əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib, habelə ölkəmizin müxtəlif coğrafiyalarda yerləşməsinə baxmayaraq coğrafi miqyasına və əhali sayına görə bənzərlik təşkil etdiklərini qeyd edib.
Səfir K.Xasiyev ölkəmizin indiyədək həyata keçirmiş olduğu regional və qlobal miqyaslı layihələrdən bəhs edib, ölkəmizdə investisiya qoyuluşları üçün əlverişli olan sahələr haqda məlumat verib, həmçinin Avropanın və Avstriyanın enerji təchizinə ölkəmizin töhfəsi, münasibətlərimizin aktual gündəliyində duran məsələlər və qarşıda duran səfərlər haqda bəhs edib.
Təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın Dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.