Global Art
XəBəRLəR

Serbiyadakı Azərbaycan diasporu birlik və həmrəylik şəraitində fəaliyyət göstərir

Serbiyadakı Azərbaycan diasporu birlik və həmrəylik şəraitində fəaliyyət göstərir

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi, onların vahid məqsədlər ətrafında birləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Serbiyanın paytaxtı Belqradda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və türk icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan və Serbiyanın dövlət himnlərinin səsləndirilməsi, Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva komitənin dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin möhkəmləndirilməsi və diaspor şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli-mədəni irsimizin təbliğində və dövlət maraqlarının müdafiəsində mühüm rol oynayırlar. Qeyd olunub ki, Serbiyadakı Azərbaycan icmasının fəaliyyəti qarşılıqlı etimad, dostluq və milli maraqlar üzərində qurulub, bu isə diasporun nüfuzunun daha da artmasına töhfə verir.

Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən "Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin rəhbəri Günel Babanlı Serbiyada yaşayan azərbaycanlıların birlik və həmrəylik şəraitində fəaliyyət göstərdiklərini bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi mərkəzdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin zəngin mədəniyyəti və milli-mənəvi dəyərləri də sistemli şəkildə tədris olunur.

Görüş zamanı soydaşlarımız diaspor fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib, son illər bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticələrini yüksək qiymətləndirərək göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Serbiyada uzun illər Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin təbliğində mühüm xidmətlər göstərmiş, mərhum diaspor fəalı, professor və musiqiçi Zərifə Əlizadənin "Diaspor fəaliyyətində xidmətə görə" medalı onun qızına təqdim olunub.

Görüş çərçivəsində, həmçinin Şərqi Avropada Yaşayan Azərbaycanlıların Serbiya üzrə Koordinasiya Şurasına yeni koordinator seçilib.

Tədbir bədii proqramla davam edib.

Global Art

Daha çox