Global Art
XəBəRLəR

Sinqapurda “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir

Sinqapurda “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir

Sinqapurda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda “Kəmər və Yol” infrastruktur investisiyaları üzrə qlobal biznes sammiti keçirilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Qlobal Sazişi çərçivəsində keçirilən “Daha yaxşı dünya üçün birləşək” mövzusundakı sammitin məqsədi “Kəmər və Yol” infrastruktur layihələrində iştirak edən biznes tərəfdaşlarının potensialını gücləndirməkdən ibarətdir.

Sammitin açılışında BMT Baş katibinin köməkçisi, BMT Qlobal Sazişinin icraçı direktoru Sanda Ociambo, BMT Baş katibinin müavini, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Alişahbana (onlayn formatda), BMT-nin rezident əlaqələndiricisi Nikolas Mint və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında biznesin rolu, “Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, qloballaşma şəraitində biznes sosial-iqtisadi inkişafın mühüm hərəkətverici qüvvələrindən biridir. Qeyd olunub ki, bu cür tədbirlər beynəlxalq əməkdaşlığın və dialoqun gücləndirilməsinə, dayanıqlı infrastrukturun inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsinə şərait yaradır.

Sammit çərçivəsində “Kəmər və Yol” üzrə yüksək keyfiyyətli əməkdaşlığın inkişaf etdirilməsi, dayanıqlı inkişaf üçün yaşıl infrastrukturun və regional əlaqələrin gücləndirilməsi mövzularında yüksək səviyyəli dialoqlar keçirilib. Həmçinin “Qlobal Sağlamlıq 2030-a doğru”, “Davamlı inkişaf üçün yaşıl infrastrukturun və regional əlaqələrin inkişaf etdirilməsi”, “İnklüziv artımın sürətləndirilməsi: rəqəmsal və yaşıl keçiddə qadınların və gənclərin səlahiyyətləndirilməsi” mövzularında panel müzakirələri təşkil olunub. Bundan əlavə, “Kəmər və Yol - BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üçün” təşəbbüsü çərçivəsində enerji və rəqəmsal infrastruktur sahələri üzrə ekspertlər qrupu təsis edilib.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi (UN Global Compact) şirkətləri öz fəaliyyət strategiyalarını insan hüquqları, əmək standartları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsipləri, həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmağa təşviq edən könüllü qlobal təşəbbüsdür. Biznesin sosial məsuliyyətinin və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin təşviqini qarşıya məqsəd qoyan Qlobal Saziş dünyanın 180 ölkəsindən 25 mindən çox şirkəti və 3500-dən artıq qeyri-biznes tərəfdaşını birləşdirən ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.

Xatırladaq ki, Azərbaycandan bir neçə şirkət və qurum, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Azərkosmos”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC BMT-nin Qlobal Sazişinə qoşulub.

“Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi məqsədilə “Kəmər və Yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət planı 2019-cu ildə Pekində keçirilən 2-ci “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda 40-a yaxın ölkənin dövlət başçısının imzaladığı birgə bəyannamənin çağırışına cavab olaraq, 2020-ci ildə BMT-nin Qlobal Sazişinin liderlər toplantısında təsis edilib. Fəaliyyət planının əsas məqsədi “Kəmər və Yol” infrastruktur layihələrində iştirak edən biznes tərəfdaşlarının BMT-nin Qlobal Sazişinin 10 prinsipinə uyğun məsuliyyətli və dayanıqlı fəaliyyət göstərmək imkanlarını gücləndirməkdir. Plan çərçivəsində layihələrin həyata keçirildiyi ölkələrdə çoxtərəfli məsləhətləşmələrin və siyasət dialoqu mexanizmlərinin təkmilləşdirilməsi, məsuliyyətli biznes təcrübələri vasitəsilə infrastruktur layihələrinin şəffaflığının, inklüzivliyinin və dayanıqlılığının artırılması nəzərdə tutulur. Bundan əlavə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirmək və bu istiqamətdə müsbət təsiri artırmaq məqsədilə əsas infrastruktur sahələrində qabaqcıl təcrübələrin tətbiqi təşviq edilir.

Daha çox