Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.
Bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.