Global Art
XəBəRLəR

Soltan Soltanlının “Zamanın fövqündə” adlı yubiley sərgisi açılıb

Soltan Soltanlının “Zamanın fövqündə” adlı yubiley sərgisi açılıb

“Phigaro Gallery” qalereyasında tanınmış Azərbaycan rəssamı Soltan Soltanlının 50 illik yubileyinə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgi açılıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə müəllifin son on ildə yaratdığı əsərlər nümayiş olunur.

Ziyarətçilər kətan üzərində yağlı boya ilə işlənmiş 20 rəsm əsəri, karton üzərində yağla işlənmiş təxminən 25 kiçik rəsm əsəri və kağız üzərində 25 qrafik əsərdən zövq ala bilərlər.

Sərginin konsepsiyasından bəhs edən rəssam qeyd edib ki, onun yaradıcılığının əsas məqsədi həmişə zamandan kənarda mövcud olan və bir çox nəsillər boyu bədii və mənəvi dəyərini qoruyub saxlaya bilən əsərlər yaratmaq olub. Onun fikrincə, əsl sənət müəyyən bir dövrlə məhdudlaşmamalı və ya yalnız indiki reallığı əks etdirməməlidir.

“Əsl sənət zamandan, həyatdan və reallığın özündən üstün olmalıdır. Rəssam 100, 300 və ya 500 ildən sonra eyni dərin mənanı daşıyacaq və əhəmiyyətini qoruyub saxlayacaq əsərlər yaratmalıdır. Məhz buna görə də mən əbədi mövzulara müraciət edirəm, çünki onlar zamanla aktuallığını itirmir”, - deyə o vurğulayıb.

Rəssamın sözlərinə görə, sərgidə təqdim olunan bütün əsərlər onun üçün eyni dərəcədə əzizdir, ona görə də onlar arasında hər hansı birini seçə bilmir: “Hər bir əsərdə mənim taleyim, həyata münasibətim var. Bu, təsadüfi təəssüratlardan deyil, çox dərin və dəqiq müşahidələrdən yaranan əsərlərdir. Buna görə də mənim ən sevdiyim bir rəsmim yoxdur – onlardan hər biri mənim üçün eyni dərəcədə yaxın və əhəmiyyətlidir”.

S.Soltanlı qeyd edib ki, onun əsərlərinin əsas mövzusu həmişə eynidir - insan.

“Mən həmişə əsərlərimin insan haqqında bəhs etdiyini istəmişəm. Onlar mütləq insanla əlaqəli olmalıdır, çünki məhz insan incəsənətin və onun mənəvi dünyasının mərkəzindədir”, - deyə o əlavə edib.

Qeyd edək ki, S.Soltanlı Azərbaycanı beynəlxalq incəsənət müsabiqələrində, festivallarında və sərgilərində təmsil edir. Rəssam çoxsaylı beynəlxalq mükafatlar laureatıdır, onun əsərləri isə 50-dən çox ölkənin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi avqustun 8-nə qədər davam edəcək.

Daha çox