Global Art
XəBəRLəR

“We are the Future” konserti “Shahin Novrasli Festival”ın qürurudur

“We are the Future” konserti “Shahin Novrasli Festival”ın qürurudur

“Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə “We are the Future” konserti keçirilib. İstedadlı gənc sənətçilər Türkiyə–Azərbaycan təmsilçisi, dirijor Valid Ağayevin rəhbərliyi ilə kamera orkestrinin müşayiəti altında çıxış ediblər.

Konsert proqramında görkəmli Azərbaycan və xarici bəstəkarların klassik əsərləri səsləndirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibəsində Valid Ağayev “We are the Future” layihəsinin əhəmiyyətindən danışıb.

“Bu layihə festivalın qürurudur. Çünki burada söhbət uşaqlardan, gənc istedadlardan gedir. Məhz bu layihə gələcəkdə peşəkar səhnəyə yeni ifaçılar qazandıracaq”, – deyə dirijor bildirib.

O qeyd edib ki, bəzi gənc musiqiçilər festivalda artıq bir neçə ildir iştirak edirlər.

“Sənətçilərin tərkibinin tamamilə yenilənməməsi məni çox sevindirir. Çünki gənc musiqiçilərin inkişafını izləmək, onların irəliləyişini görmək mümkündür. Məsələn, ötən il alətlərindən imtina edəcəklərini düşündüyüm bəzi uşaqlar bu il çox yüksək səviyyədə çıxış etdilər. Bu isə böyük sevinc hissi yaradır”, – deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, gənc ifaçılara, xüsusilə də yüksəksəviyyəli beynəlxalq festivallar çərçivəsində böyük səhnədə çıxış etmək imkanı yaratmaq olduqca vacibdir.

“Bəzən potensial ulduzları itirməyimizin əsas səbəbi onların kifayət qədər konsert təcrübəsinin olmamasıdır. Əgər onlar böyük səhnədə nadir hallarda çıxış edirlərsə, həyəcan ucbatından potensiallarının 70-80 faizini nümayiş etdirə bilmirlər. Tamaşaçılar isə çox vaxt sərt mövqe nümayiş etdirirlər və onlara səhnə həyəcanının nə olduğunu izah etmək asan olmur”, – deyə maestro əlavə edib.

Xatırladaq ki, “Shahin Novrasli Festival” iyulun 2-dən 12-dək Bakıda keçirilir. On gün ərzində paytaxt sakinləri və qonaqları on ölkədən olan musiqiçilərin ifasında müxtəlif janrları əhatə edən zəngin musiqi proqramından zövq alacaqlar.

“Shahin Novrasli Festival-2026” çərçivəsində, həmçinin festival yarmarkası, gündəlik DJ setləri və cem-sessiyalar da təşkil olunub.

Global Art

Daha çox