Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya mübadiləsi imkanlarını genişləndirməklə yanaşı, dezinformasiya və manipulyasiya hallarına qarşı mübarizəni də mürəkkəbləşdirir. Xüsusilə süni intellekt və “deepfake” texnologiyalarının yayılması informasiya məzmununun həqiqiliyinin yoxlanılmasını, peşəkar jurnalistikanın dəstəklənməsini və ictimaiyyətin etibarlı məlumatlara çıxışının təmin edilməsini zəruri edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İordaniya Haşimilər Krallığının Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvayseh oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.
Zaid Əl-Nəvayseh qeyd edib ki, informasiya prosesi ictimai müzakirələrin zənginləşməsinə xidmət etməli, insanlarda qorxu yaratmağa, həqiqətləri təhrif etməyə və ictimai rəyi manipulyasiya etməyə yönəlməməlidir: "Süni intellekt texnologiyalarının və saxta foto, video və audiomaterialların yaradılmasına imkan verən “deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır. Süni intellekt texnologiyalarının hər yeni inkişaf mərhələsi saxta məzmunun müəyyənləşdirilməsi və manipulyasiyaların qarşısının alınması üçün daha səmərəli üsulların tətbiqini tələb edir".
O bildirib ki, dezinformasiyanın qarşısını almaq üçün peşəkar jurnalistlərə və ictimai qurumlara dəstək göstərilməli, transkripsiya, tərcümə və məlumatların təhlili imkanları genişləndirilməlidir. Eyni zamanda, həqiqi və etibarlı məzmunun əlçatanlığı təmin edilməli, faktların yoxlanılması üçün arxivlərə sürətli çıxış imkanları yaradılmalıdır.